Cənubi Koreyada 40 ildən bir baş verən hadisə| Yoonu “heç nədən xəbəri olmayan” ABŞ devirəcək?

2024/12/1733472946.jpg
Oxunub: 883     15:39     06 Dekabr 2024    
Dünya fasiləsiz geosiyasi böhranlarla sarsılmağa davam edərkən, 2024-cü il dekabrın 3-ü Cənubi Koreya üçün yarım əsrlik fasilənin sonunu gətirən dönüş nöqtəsi oldu.

Cənubi Koreya prezidenti Yoon Suk Yeol milli televiziya verilişində Şimali Koreya təhlükəsi və müxalifətin ölkəni idarəolunmaz hala gətirdiyini əsas gətirərək, hərbi vəziyyət elan etdiyini açıqladı. 1948-1979-cu illərdə diktatura dövrünü də əhatə edən 12 hərbi vəziyyət qərarından sonra ölkə tarixində 13-cü dəfə hərbi vəziyyət elan edildi. Son 40 ildə bu cür fövqəladə tədbirlərdən uzaq qalan bir ölkədə hərbi vəziyyətin tətbiqi qərarı demokratikləşmə prosesi ilə yanaşı, həm Cənubi Koreya xalqını, həm də beynəlxalq ictimaiyyəti şoka saldı.

Daxili və xarici dinamika

Prezident Yoonun qərarında rol oynayan daxili və xarici amilləri sadalamaq çox vacibdir. İlk növbədə daxili siyasətdə davam edən böhrandan danışmaq olar. Yoonun 2022-ci ildə hakimiyyətə gəlməsi ilə başlayan çətin proses nəticəsində daxili siyasətdəki böhran formalaşarkən, 2024-cü ilin aprelində parlamentdəki çoxluğu müxalifət partiyasına itirməsi hökumətin qərar vermə mexanizmini kilidlədi və inzibati darboğaz yaratdı. Stəkanı daşıran son damla olaraq büdcə danışıqları zamanı müxalifətin səsləri ilə proses əngəlləndi və Yoonun manevr imkanları daha da daraldı. Bu vəziyyət hərbi vəziyyətin elan edilməsini qaçılmaz edən siyasi alov nöqtəsinə çevrildi.

Xarici amillərə nəzər saldıqda, Asiya-Sakit okean regionunda artan gərginliyin və ABŞ-Çin rəqabətinin Cənubi Koreyaya təzyiqləri artırdığını söyləmək mümkündür. Böyük dövlətlərin üz-üzə gəldiyi bölgədə yerləşən Cənubi Koreya bu rəqabətin ortasında qalıb və xalqın bu güclərin təmsil etdiyi sistemlər arasında bölünməsi inzibati ziddiyyətə gətirib çıxarır. Əslində analoji vəziyyət iqtidar və müxalifət partiyaları arasında da mövcuddur. Sağı təmsil edən hazırkı iqtidar partiyası Qərblə münasibətlərə üstünlük verərkən, Çin, Rusiya və Şimali Koreya kimi aktorlarla daha orta yol əlaqəsi qurmaq istəyən müxalifət partiyasının xeyli sayda tərəfdarı var.

Bundan əlavə, Şimali Koreyanın daimi təhdid olaraq mövcudluğu ölkəni tətikdə saxlayarkən, regionda hər gün daha çox müharibə hissi və Rusiya-Ukrayna müharibəsinin yaratdığı gərginlik xaotik atmosferi daim gücləndirir. Bu səbəbdən bütün bu hadisələrin kölgəsində elan edilmiş hərbi vəziyyət qərarının təkcə regional deyil, qlobal maraq doğurduğunu söyləmək mümkündür.

Hərbi vəziyyət qərarının ləğvi üçün səslər

Yoonun hərbi vəziyyətin tətbiqi ilə bağlı impulsiv qərarına həm öz partiyasından, həm də müxalifətdən tənqidlər artarkən, parlamentdəki 300 deputatdan 190-nın parlamentə gələrək, yekdilliklə hərbi vəziyyətin ləğvinə razılıq verməsi və bunun nəticəsində ordunun geri çəkilməsini əks etdirən görüntülər prosesin gərginləşməyəcəyinə ilk işarə idi. Digər tərəfdən, hərbi vəziyyəti ləğv etmək səlahiyyətinin yalnız prezidentə məxsus olması və bu məqsədlə Nazirlər Şurasının toplanması kimi konstitusiya tələbləri Seulda gərginliyin səhərə qədər davam etməsinə və bu proses boyunca xalqın küçələrə çıxmasına səbəb oldu.

Bu nöqtədə prosesin uzanmasının qeyri-müəyyənlik yaratdığı digər sahə ordu oldu. Prezidentdən hərbi vəziyyətin ləğvi ilə bağlı qərar gələnə qədər komandanlıqda olan, lakin yenə də mülki əhalinin müqavimətinə sərt reaksiya verməyən hərbi qulluqçular gərginliyin artmasının qarşısını alan amillərdəndir. Cənubi Koreya üçün iki günlük hərbi vəziyyət təcrübəsinin səhər saatlarında toplaşan Nazirlər Şurasının qəbul etdiyi qərarla paralel olaraq sakitləşdiyini gördük.

Bütün bu hadisələr fonunda qeyd etmək lazımdır ki, Yoonun hərbi vəziyyət qərarı təkcə Cənubi Koreyanın daxili siyasətinə deyil, həm də regional və qlobal tarazlıqlara təsir etdi. Asiyada demokratikləşmə prosesinin nümunəvi ölkəsi kimi görünən Cənubi Koreyanın bu gözlənilməz sınağı bir yana, ABŞ-nin hərbi vəziyyət qərarından “xəbərsizliyi”, məcburi passiv münasibəti və etibarlı müttəfiqlərindən birinin regionda qurduğu geosiyasi tənlik çərçivəsində qəfil sarsılması Vaşinqtonu yeni “B” planlarına üz tutmağa məcbur etdi.

“B” planı özünü çox gözlətməyəcək və bu plan böyük ehtimalla, Yoonun siyasi karyerasına son qoyması ilə nəticələnəcək. Yoonun siyasi tarazlığı saxlaya və ABŞ-nin maraqlarını təmin edə bilməməsi təhdid olaraq dəyərləndirilir ki, bu isə əks qüvvələrin daha da güclənməsinə, nəticə etibarilə hakimiyyətə gəlməsinə səbəb ola bilər. Şübhəsiz ki, ABŞ bu posta daha güclü simanın gətirilməsi üçün çalışacaq. Habelə bundan sonra qlobal dinamikanın Cənubi Koreyanın sabitliyə qovuşana qədərki dövrünün necə formalaşdıracağı mühüm sual işarəsi olaraq önə çıxacaq. Lakin hərbi vəziyyət qərarından sonra Cənubi Koreya mediasında və ictimaiyyətində Çini ittiham edən şərhlər Pekin tərəfindən sərt reflekslə qarşılandı və bu, gələcəkdə iki ölkə arasında yeni gərginliyin yarana biləcəyini göstərir.

Üstəlik, ABŞ-də Donald Trampın yenidən prezidentliyə keçməsinə çox az vaxt qaldığını və Şimali Koreyanın gözlənilməz partlayışlarını nəzərə alsaq, bu hadisələrin beynəlxalq aləmdəki təsirləri diqqətlə izlənilməlidir. Hərbi vəziyyətin şərti portreti olmasa da, Cənubi Koreya hadisəsi Asiyada fərqli cəmiyyətlərin və siyasi proseslərin digər bölgələrlə necə müqayisə edildiyini sübut edir, digər tərəfdən, bunları təhlil etməyin kritik əhəmiyyəti üçün nümunəvi bir hadisə təqdim edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Hərbi-vəziyyət   Böhran   ABŞ  


Bizi "telegram"da izləyin